Öncə də qeyd etdiyimiz kimi, modulların istifadəsi həm də o cəhətdən faydalıdır ki, irihəcmli proqramları daha kiçik hissələrə ayırıb modullarda yerləşdirmək olar. Bu da öz növbəsində proqram kodunun mürəkkəbliyini azaltmağa imkan verir. Bu halda əsas proqrama çox sayda modullar daxil edilmiş olur. Proqramların daha sürətli yüklənməsini təmin etmək məqsədilə bu modullar kompilyasiya olunaraq bayt-koda çevrilirlər. Sonra proqramların növbəti icrası zamanı daxil edilmiş modullara rast gəlinəndə onların əvəzinə həmin bayt-kodlardan istifadə olunur. Kompilyasiya olunmuş modullar platformadan asılı deyil, odur ki, başqa əməliyyat sistemli kompüterlərdə də istifadə edilə bilər.
Python proqrama import instruksiyası ilə daxil edilən modulları avtomatik şəkildə kompilyasiya edir və .pyc genişləməli fayllarda saxlayır. Kompilyasiya olunmuş bu fayllar __pycache__ kataloqunda yerləşdirilir:
>>> import my_module
>>> import test_module

Modulları proqram yolu ilə də kompilyasiya etmək mümkündür. Bunun üçün py_compile modulunun compile() funksiyasından istifadə etmək lazımdır:
>>> import py_compile
>>> py_compile.compile('my_module.py')
'__pycache__/my_module.cpython-311.pyc'
>>>
Bir qovluqda yerləşən bütün faylları kompilyasiya etmək üçün isə compileall modulunun compile_dir() funksiyasından istifadə olunmalıdır:
>>> import compileall
>>> compileall.compile_dir('C:\\Python311
\\Dersler', force = True)
Listing 'C:\\Python311\\Dersler'...
Compiling 'C:\\Python311\\Dersler\\Paytaxt.py'...
Compiling 'C:\\Python311\\Dersler\\module_test.py'...
Compiling 'C:\\Python311\\Dersler\\my_module.py'...
1
>>>
Sonda onu da deyək ki, modulları əmr sətrindən yararlanmaqla da kompilyasiya etmək mümkündür.

“Modulların kompilyasiyası” üçün bir şərh
Şərh üçün bağlıdır.