Çıxışların formatlaşdırılması, başqa sözlə, çıxış verilənlərinin istifadəçilərə formatlı şəkildə təqdim edilməsi proqramlaşdırmada ən vacib məsələlərdən biridir. Biz bu dərsimizdə Python dilində çıxışların formatlaşdırılmasının müxtəlif üsullarından bəhs edəcəyik. Bununla belə sizə məsləhət görəcəyimiz üsul string sinfinin format metodudur. Bu üsul həm olduqca çevikdir, həm də Python dilinin fəlsəfəsinə uyğun gəlir. Gəlin tələsməyək və bütün üsulları bir-bir nəzərdən keçirək.
Biz indiyə qədər çıxış verilənlərini ekrana primitiv üsullarla çıxarırdıq. Ekrana çıxarılan məlumatlar birdən çox olduqda onları bir-birindən ayırmaq lazımdır. Bunun da ən sadə yolu ya print() funksiyasının sep parametrindən (ayırıcı) istifadə, ya da sətirləri konkatenasiya (birləşdirilmə) etməkdən ibarətdir.
Adi qaydada print() funksiyasında sep parametri yazılmır və interpretator onun qiymətini default olaraq boşluq qəbul edir. Bu zaman funksiyanın bir-birindən vergüllə ayrılan arqumentləri ekrana çıxarılanda aralarında boşluq olur:
>>> a = 78
>>> b = 0.19
>>> print(a, b, a * b)
78 0.19 14.82
>>>
Zərurət olduqda biz sep parametrindən yararlanaraq onu ixtiyari qiymətlərlə təyin edə bilərik:
>>> a = 78
>>> b = 0.19
>>> print(a, b, a * b, sep = ',')
78,0.19,14.82
>>> print(a, b, a * b, sep = '---')
78---0.19---14.82
>>>
Aşağıdakı proqramda isə çıxışları formatlaşdırmaq üçün sətirlərin konkatenasiyasından istifadə olunur:
>>> a = 78
>>> b = 0.19
>>> print(str(a)+ " " +str(b)+" " +str(a * b))
78 0.19 14.82
>>>
Yuxarıda sadalanan bu üsullar nə qədər sadə olsa da, peşəkarlıq baxımından qənaətbəxş deyil.

“Çıxışların formatlaşdırılması” üçün bir şərh
Şərh üçün bağlıdır.