Çoxlu Budaqlanma

Bizim yuxarıda yazdığımız hər iki proqramda iki hal (ədədin cüt və ya tək, cavabın isə doğru və ya yanlış olması) mövcud idi. Ona görə də biz hər iki proqramda yalnız bir şərtin yoxlanması ilə kifayətləndik. Amma proqramlaşdırmada bəzən mümkün halların sayı ikidən çox da ola bilir. Bu zaman daha çox şərtin yoxlanması tələb olunur. Buna çoxlu budaqlanma (chained conditionals) da deyilir.

Belə hallar üçün Python dilində şərt operatorunun genişləndirilmiş formatından istifadə olunur:

if şərt1: 
    ifadə1
elif şərt2: 
    ifadə2
elif şərt3: 
    ifadə3

   .....

else: 
    ifadəN

Şərt operatorunun bu yazılış formasından istifadə etməklə istədiyimiz qədər şərtləri yoxlayıb budaqlanma alqoritmini tərtib edə bilərik. İndi isə buna aid bir misal həll edək. Verilmiş ədədin müsbət, mənfi və ya sıfır olduğunu müəyyən edən proqram yazaq. Gördüyünüz kimi, burada üç hal mövcuddur ki, biz də bunu nəzərə alacağıq.

Gəlin bu proqramı da skriptdə yazaq:

a = int(input("Ədədi daxil edin: ")) 
if a > 0:
    print("Müsbət") 
elif a < 0:
    print("Mənfi") 
else:
    print("Sıfır")

Burada verilmiş ədədin əvvəlcə sıfırdan böyük olmasını yoxlayırıq: böyükdürsə, ekrana bu haqda məlumat çıxır; böyük deyilsə, o zaman ədədin sıfırdan kiçik olması halı yoxlanılır. Əgər şərt ödənilirsə, yəni ədəd sıfırdan kiçikdirsə, ekrana bu haqda məlumat çıxır, kiçik deyilsə, son variant kimi ədədin sıfır olması halı qeydə alınır və ekrana bu haqda məlumat çıxır.

Proqramı icra edin və hər dəfə müxtəlif ədədlər (sıfırdan böyük, sıfırdan kiçik və sıfır) daxil edərək nəticələri yoxlayın.

Çoxlu Budaqlanma” üçün bir şərh

Şərh üçün bağlıdır.