Python proqramlaşdırma dilində geniş istifadə olunan mürəkkəb tiplərdən biri də siyahılardır (lists). Siyahı – indekslə identifikasiya edilmiş nizamlanmış qiymətlər çoxluğudur. Bir-birindən vergüllə (,) ayrılan siyahının elementləri müxtəlif tipdə qiymətlərdən ibarət ola bilər, lakin təcrübədə, adətən, eyni tipli elementlərdən istifadə edirlər. Siyahının özü isə kvadrat mötərizə daxilində göstərilir:
>>> [2, 3.14, True, "Neftçi", 'a']
[2, 3.14, True, 'Neftçi', 'a']
>>> tr = [1, 3, 6, 7, 9]
>>> print(tr)
[1, 3, 6, 7, 9]
>>> type(tr)
<class 'list'>
>>>
Sətirlərdə olduğu kimi, siyahılar üzərində də indeksləmə və bölünmə əməliyyatlarını apara bilərik:
>>> tr = [1, 3, 6, 7, 9]
>>> tr[0]
1
>>> tr[1:4]
[3, 6, 7]
>>> tr[2:]
[6, 7, 9]
>>>
Siyahıları konkatenasiya etmək, yəni toplama əməliyyatı ilə birləşdirmək olar:
>>> [1,3,5,7,9] + [2,4,6,8]
[1, 3, 5, 7, 9, 2, 4, 6, 8]
>>>
Siyahıları iterasiya etmək, yəni bir ədədə vuraraq təkrarlamaq da mümkündür:
>>> [1,10,100] * 3
[1, 10, 100, 1, 10, 100, 1, 10, 100]
>>>
Sətirlərdə olduğu kimi, siyahının da uzunluğunu, yəni neçə elementdən ibarət olduğunu len() funksiyası ilə müəyyən edə bilərik:
>>> let = ['a','b','c','d','e']
>>> len(let)
5
>>>
Sətirlərdən fərqli olaraq, siyahıları dəyişmək mümkündür:
>>> kub = [1, 8, 27, 65, 125]
>>> kub[3] = 4 ** 3
>>> print(kub)
[1, 8, 27, 64, 125]
>>> let = ['a', 'b', 'c', 'd', 'e']
>>> let[1:4] = ['B', 'C', 'D']
>>> let
['a', 'B', 'C', 'D', 'e']
>>>
Siyahının sonuna bir və ya bir neçə element əlavə etmək olar:
>>> let = ['a', 'b', 'c', 'd', 'e']
>>> let[len(let):] = 'f'
>>> let
['a', 'b', 'c', 'd', 'e', 'f']
>>> let[len(let):] = ['g', 'h', 'i']
>>> let
['a', 'b', 'c', 'd', 'e', 'f', 'g', 'h', 'i']
>>>
Siyahının bir, bir neçə və ya bütün elementlərini silmək olar:
>>> num = [1, 2, 3, 4, 5, 6, 7]
>>> num[3:4] = []
>>> num
[1, 2, 3, 5, 6, 7]
>>> num[2:5] = []
>>> num
[1, 2, 7]
>>> num[:] = []
>>> num
[]
>>>
Siyahıları leksikoqrafik olaraq müqayisə etmək mümkündür. Bu zaman müqayisə siyahıların uyğun elementləri arasında aparılır. Müqayisə edilən iki siyahı o zaman bərabər sayılır ki, onların uzunluğu eyni, uyğun elementləri eyni tipdə və öz aralarında bərabər olsun:
>>> s1 = ['a', 'b', 'c']
>>> s2 = ['d', 'e', 'f']
>>> s3 = ['a', 'b', 'c']
>>> if s1 == s2:
print('s1 və s2 siyahıları bərabərdir.')
else:
print('s1 və s2 siyahıları bərabər deyil.')
s1 və s2 siyahıları bərabər deyil.
>>> if s1 == s3:
print('s1 və s3 siyahıları bərabərdir.')
else:
print('s1 və s3 siyahıları bərabər deyil.')
s1 və s3 siyahıları bərabərdir.
>>>
İç-içə siyahılardan istifadə etmək mümkündür, yəni siyahının özü başqa siyahılardan ibarət ola bilər:
>>> a = ['a', 'b', 'c']
>>> n = [1, 2, 3]
>>> x = [a, n]
>>> x
[['a', 'b', 'c'], [1, 2, 3]]
>>> x[0]
['a', 'b', 'c']
>>> x[0][1]
'b'
>>>
Sonda onu da nəzərinizə çatdırım ki, siyahılar üzərində ümumi ardıcıllıq əməliyyatları və dəyişkən ardıcıllıq əməliyyatlarının hamısını icra etmək olar. Bundan başqa, siyahılar üçün digər siyahı metodları da nəzərdə tutulmuşdur.

“Siyahılar” üçün bir şərh
Şərh üçün bağlıdır.