Operator və operandlar

İndi isə gəlin bir az da operatorlar haqqında danışaq. Operatorlar, müəyyən əməliyyatları həyata keçirən konstruksiyalardır. Bu konstruksiyalar xüsusi simvol və ya simvollar ardıcıllığından ibarətdir. Hər bir operator bir və ya bir neçə operand üzərində əməliyyat aparır.

Məsələn sadə toplama proqramını nəzərdən keçirək:

>>> a = 15
>>> b = 20
>>> c = a + b
>>> print(c)
35
>>>

  Burada c = a + b ifadəsində + simvolu toplama əməlini həyata keçirən cəm operatorudur. Bu ifadədə yer alan ab dəyişənləri isə operandlardır. Qeyd etmək lazımdır ki, operand kimi həm qiymətlər, həm də dəyişənlər istifadə edilə bilər.

  Python proqramlaşdırma dilində operatorlar aşağıdakı kimi sinifləndirilir:

  • Hesab operatorları
  • Müqayisə operatorları
  • Mənimsətmə operatorları
  • Məntiq operatorları
  • Bit operatorları
  • Üzvlük operatorları
  • İdentiklik operatorları

  Biz növbəti dərslərimizdə yeri gəldikcə bu operatorları daha yaxından incələyəcəyik. Burada qeyd edim ki, bu kitabın məqsədi sadədən mürəkkəbə doğru öyrətmək olduğuna görə, Python dilinin yuxarıda təsnif edilən operatorları ardıcıl şəkildə ələ alınmayacaq.

Mənimsətmə operatoru

Əvvəlki dərslərimizdə biz mənimsətmə operatorundan (=) istifadə etmişdik. Mənimsətmə operatoruna bəzən mənsubetmə operatoru da deyilir. Bu dərsimizdə mənimsətmə operatoru haqda daha çox şey öyrənəcəyik.

Gəlin aşağıdakı misalları nəzərdən keçirək:

>>> s1 = "Azərbaycan"
>>> s2 = "Bakı"
>>> n1 = 86.6
>>> n2 = 9600000
>>> print(s1)
Azərbaycan
>>> print(s2)
Bakı
>>> print(n1)
86.6
>>> print(n2)
9600000
>>>

   Biz burada dörd dəyişəndən (s1, s2, n1, n2) istifadə etdik. Burada mənimsətmə operatoru olan bərabər (=) simvolunun solunda və sağında operandlar yer alır. İndiki halda soldakı operandlar dəyişənlər, sağdakılar isə qiymətlər rolunda çıxış edir. Məsələn s1= “Azərbaycan” ifadəsində s1 operandı dəyişəndir, “Azərbaycan” operandı isə bu dəyişənə mənimsədilən qiymətdir.

   Misallardan gördüyünüz kimi, s1 s2 dəyişənlərinə mənimsədilən qiymətlər (“Azərbaycan” “Bakı”) dırnaq arasında yazılır, çünki bu məlumatlar sətir tipindədir. Digər iki dəyişənə (n1n2) mənimsədilən qiymətlər (86.69600000) isə ədəd tipində olduqları üçün dırnaq işarələrindən istifadə edilmir. Burada 9600000 qiyməti tam ədəd, 86.6 qiyməti isə həqiqi ədəd tipindədir.

  Qeyd etmək lazımdır ki, əksər proqramlaşdırma dillərində olduğu kimi Python dilində də həqiqi ədədlərdə tam və kəsr hissəni ayıran ayırıcı işarə nöqtə (.) simvoludur.

Keçək növbəti misallara:

>>> a = 10
>>> b = a
>>> print(b)
10
a = "salam"
>>> print(a)
salam
>>> 

  Burada iki dəyişəndən (a b) istifadə edilir. Əvvəlcə biz a dəyişəninə 10 qiymətini mənimsədirik, sonra isə b dəyişəninə a dəyişəninin özünü mənimsədirik. Gördüyünüz kimi bir dəyişənə başqa bir dəyişəni mənimsətmək mümkündür. Bundan sonra b dəyişəninin qiymətini print əmri ilə ekrana çapa veririk. Nəticədən də gördüyünüz kimi bu zaman ekrana a dəyişəninə daha öncədən mənimsədilmiş olan 10 qiyməti çıxır.

Daha sonra biz a dəyişəninə yeni bir qiymət (“salam”) mənimədib ekrana çapa veririk. Gördüyünüz kimi ekrana a dəyişəninin yeni qiyməti çıxır. Və diqqət edin, a dəyişəninə fərqli tipdə olan yeni qiymət mənimsədildiyinə görə a dəyişəni də öz tipini dəyişir. İndiki halda əvvəlcə a dəyişəninin tipi tam ədəd (int), sonra isə sətir (str) tipi olur. Biz irəlidə tipləri daha ətraflı şəkildə nəzərdən keçirəcəyik.

IDLE – işləmə mühiti

Python-un standart komplektinə IDLE adı verilən inteqrallaşdırılmış proqram işləmə (hazırlama) mühiti daxildir. IDLE mühitində Python dilində proqram yazmaq üçün mətn redaktoru və proqramları sazlamaq üçün proqram sazlayıcısı mövcuddur. Bir az daha sadə dillə desək, biz IDLE-da həm proqramları yazırıq, həm də proqram mətnində olan sintaksis səhvləri sazlayıcının köməyi ilə aşkar edib düzəldə bilirik. Bundan sonra isə hazır proqramları IDLE mühitindən icra etmək su içmək qədər asan olur. 

   Python-u kompüterinizə quraşdırdıqdan sonra onu işə salanda qarşınıza IDLE mühitinin proqram pəncərəsi çıxacaq:

   Bu pəncərədə biz Python interpretatorunun əmrlər sətrini görürük. Əmrlər sətrinin ilk sətirlərində Python-un versiyası, quraşdırıldığı platforma haqqında informasiya və digər məlumatlar yer alır. Növbəti sətirdə isə çağırış adlanan  >>>  simvolları gəlir.

   Biz proqram əmrlərini bu üç simvoldan sonra yazıb enter düyməsinə vurmaqla icra edəcəyik. Buna proqramların əmrlər rejimində yazılması deyilir. Başqa bir üsul isə proqramların fayllarda yazılmasıdır. İrəlidə hər iki üsuldan istifadə etməklə Python dilində proqramların yazılmasını Sizə izah edəcəm.